Neftin qiymətini OPEC-in verdiyi uzunmüddətli proqnoz, yəni 1 barel üçün 60 dollar səviyyəsində saxlamaq mümkün olmasa Anqola və Azərbaycan da daxil olmaqla yeddi ölkə 2040-cı ilədək ümumi dövlət gəlirlərinin təxminən 40 % -ni itirə bilər.  Bu barədə Live Mint  agentliyi  Carbon Tracker Analitik Mərkəzinin hesabatına əsasən məlumat  verib. Hesabat müəlliflərinin fikrincə, neft istehsal edən ölkələr  2040-cı ilədək ümumilikdə 13 trilyon dollar itirmək təhlükəsi ilə üz-üzə qalacaqlar.

Saxta.info  Carbon Tracker Analitik Mərkəzinin bu proqnozunun reallıqla uyğun olub-olmadığını öyrənməyə çalışıb.

Öncə qeyd edək ki,  Carbon Tracker  alternativ enerji mənbələrinə keçidin  kapital bazarına təsirlərini və karbohidrogen yanacaqlarına potensial investisiyaları araşdıran müstəqil  düşüncə mərkəzidir.

Yəni biz fərziyə edə bilərik ki, 2040-cı ildə neft bazarının çökməsi ilə bağlı fikir Carbon Tracker-in ənənəvi enerji tərəfdarları və enerji sahəsinin tam yaşıllaşdırıması uğrunda mübarizə aparanlar arasında dünyada gedən rəqabətə bir töhfə ola bilər.

Beləliklə, Avropa Parlamenti, 2030-cu ilə qədər Avropa Birliyində (AB) istehlak edilən enerjinin  1/3 hissəsindən çoxunun bərpa olunan mənbələrdən (külək və günəş enerjisi) əldə edilməsinı vacib sayır.  

AB istixana qazlarının emitenti olaraq dünyada üçüncü yerdədir (ümumi emissiyaların 10 % -i). İlk iki yerdə Çin və ABŞ-dır. 2016-cı ildə AB ölkələrinin hökumətləri 1990-cı illə müqayisədə 2030-cu ilədək istixana qazı emissiyalarını ən azı 40% azaltmağa razı olublar.

Artıq bərpa olunan mənbələrdən alınan enerji payı 2004-cü ildən bəri iki dəfə artaraq son enerji istehlakının  17% -nə çatıb.

AB-nin bəzi ölkələrində  onsuz da təmiz enerji üstünlük təşkil edir: məsələn,  İsveç enerji ehtiyacının  50 % - dən çoxunu bərpa olunan enerji mənbələri ilə, Finlandiya isə təxminən 40 % -ni bu vasitə ilə qarşılayır. Almaniya hökuməti də yaxın illər ərzində bərpa olunan enerji potensialını yaratmağı planlaşdırır.

Müəyyən mənada dünya bazarını  “yaşıl” dalğa həyəcanı bürüdüyünü demək olar. Təsadüfi deyil ki, elektromobil istehsalçısı Tesla səkkiz ən böyük avtomobil istehsalçısının cəmindən  daha çox qiymətə sahibdir. JPMorgan Chase bankı hesab edir ki,   dünyada elektromobil satışı (hibridlər istisna olmaqla)  2030-cu ildə  30 %-ə yüksələcək. Qeyd edək ki, 2020-ci ildə bu rəqəm 3 %  təşkil edib.

Hətta BP şirkəti də  2020-ci ilin avqustunda neft hasilatını 40 % azaldacağını, yaranan sərbəst vəsaiti “yaşıl” enerji layihələrinə xərclənəcəyini bəyan edib.

Bununla belə, dünyada karbohidrogenlərə olan təlabat azalmır. Bazar vaxtaşırı  oynayır. The Economist qəzetinin yazdığına görə, son zamanlarda neftin qiymətində sabit bir artım müşahidə olunub.  Fevral ayının 8-də bir ildən çox  müddətdə ilk dəfə Brent markalı neftin bir barelinin qiyməti 60 dollardan yuxarı qalxıb.

Neftin bahalaşması qismən tələbin artacağına dair gözləntilərlə əlaqədardır. Belə ki, neft bazarındakı investorlar, Çini izləyən digər ölkələrdə tələbin artacağına ümid edirlər. Hindistanda maeyləşdirilmiş neft qazı əsasında olan qida hazırlamaq üçün yanacağın istehlakı artır.  ABŞ prezidenti Co Baydenin təklif etdiyi 1,9 trilyon dollarlıq stimul paketi Amerikada iqtisadi aktivliyin və nəticədə neftə olan tələbin artmasına səbəb ola bilər.

Ən əsası, faktiki olaraq OPEK-in (Neft İxrac edən Ölkələr Təşkilatı) lideri Səudiyyə Ərəbistanı qiymətləri dəstəkləməkdə qərarlı görünür. Səudiyyə Ərbistanı yanvar ayında  fevral və mart ayları üçün gündəlik hasilatı  əlavə 1 milyon barel azaldacağını  bəyan edib.

Goldman Sachs-ın məlumatına görə, yanvar ayında Amerikada  neft hasilatı bir il əvvəlki göstəriciyə nisbətən 13 % azalıb. İrandan neft ixracının  sürətlə artması ehtimalı da azdır.  ABŞ prezidenti CBS News-a verdiyi müsahibədə  İrana qarşı tətbiq edilən sanksiyalarını tezliklə ləğv edilməyəcəyini bildirib.

Böyük Britaniya  neft nəhəngi British Petroleum (BP) da qlobal neft tələbinin yaxın bir neçə ildə ən yüksək həddə çatacağını dair xəbərdarlıq edib. Şirkətin hesablamalarına görə,  yaxın 30 il ərazində neftə tələbin azalması 10 faiz həddində olacaq.

Bu arada, dünyada “yaşıl enerji”nin tərəfdarı və bu sahəyə milyardlarla sərmayə qoyan  dünyanın ən varlı adamlarından biri, Microsoft-un yaradıcısı və ən böyük səhmdarı Bill Qeyts  təmiz enerjinin qısa müddətdə karbohidrogenləri əvəz edəcəyinə inanmır.  

Onun sözlərinə görə, bu gün bəşəriyyət texnoloji cəhətdən təmiz enerjiyə keçidə tam hazır deyil. Məsələn, külək turbinləri və günəş panelləri hava şəraitindən asılıdır, aviasiya və polad sənayesi duru yanacağa ehtiyac duyur və pis hava şəraitində çoxmilyonlu meqapolislərin gündəlik enerji tədarükünü  təmin edə biləcək  yığım gücü yoxdur. Qeytsin fikrincə, bu proses ən azı 50 il sürəcək.

Neftin ucuzlaşması səbəbindən 2040-cı ilədək Azərbaycanın dövlət gəlirlərinin 40 %-dən məhrum olacağına dair proqnoza gəlincə, mövcud vəziyyət fonunda bu  real görünmür.

Azərbaycanda həyata keçirilən “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları” (2004-2008 və 2009-2013-cü illərə) ölkədə  sürətli inkişafı təmin etməklə yanaşı sosial rifah halının yaxşılaşmasında mühüm rol oynayıb.   Bu proqramların həyata keçirildiyi 10 il ərzində ümumi daxili məhsul 3,2, o cümlədən qeyri-neft sektoru 2,6, sənaye - 2,7, kənd təsərrüfatı - 1,5, investisiyalar - 6,5, ev gəlirləri - 6,5, orta aylıq əmək haqqı   5,5 dəfə artıb.

2019-cu ildə hökumətin prioritetlərindən biri olaraq start verilən  qeyri-neft sektorunun karbohidrogen ixracından əldə olunan gəlir hesabına inkişaf etdirilməsi dövlət proqramı uğurla həyata keçirilir. Bu barədə Moody's Investors Service reytinq agentliyinin MDB ölkələrinin iqtisadi inkişafı barədə hesabatında bildirilir.  Agentliyin apardığı başqa bir araşdırmada Azərbaycanın neft bazarındakı geriləmənin yaratdığı zərbələrə davamlı  olduğu əksini tapıb.

“Azərbaycan 2025-ci ilədək qeyri-neft ixracanı iki dəfə artırmaq niyyətindədir”. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Post-pandemiya dövründə vergi sistemi"  mövzusunda keçirilən  konfransda deyib.

“S & P Global Ratings” Beynəlxalq Agentliyi də Azərbaycanın reytinqlərinə dair proqnozunu “mənfi”dən “sabit”ədək artırıb, eyni zamanda, xarici, yerli valyutada olan uzun və qısamüddətli suveren kredit reytinqlərini “BB+ / B” səviyyəsində saxlayıb. Bu, neftin ucuzlaşması və COVID-19-un səbəb olduğu iqtisadi tənəzzül fonunda MDB ölkələri arasında ən yaxşı göstəricilərdən  biri hesab olunur.

Azərbaycanın qızıl və valyuta ehtiyatları da 2021-ci ilin yanvar ayında 51,4 milyard dollara çatıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov  məlumat verib. “İnterfaks-Azərbaycan” internet nəşrinin  Elman Rüstəmova istinadən verdiyi xəbərə görə, 2021-ci ilin yanvarında Azərbaycanın qızıl və valyuta ehtiyatları 0,3 % artıb.

Azərbaycanda valyuta ehtiyatlarının ən yüksək artımı  1 oktyabr 2014-cü il tarixində qeydə alınıb -  53,7 milyard dollar.  2014-cü ilin dördüncü rübündən etibarən, 2015-2016-cı illər də daxil olmaqla milli valyuta məzənnəsinin qorunmasına yönəldildiyi üçün valyuta ehtiyatları azalıb. 2017-ci ildən etibarən valyuta ehtiyatlarının artımı yenidən bərpa edilib.

Bundan əlavə, Azərbaycan, Dünya İqtisadi Forumu çərçivəsində Dördüncü Sənaye İnqilabı Mərkəzinin tərəfdaşları olan, texnologiyanın qəbuluna və idarə olunmasına töhfə verən 13 ölkənin (Yaponiya və ya İsrail kimi) siyahısına daxil edilib.  Azərbaycanda sənayenin ÜDM-dəki payı  (48,7 %)  dünya üzrə  orta göstəricidən iki dəfə çoxdur.

Son on ildə qeyri-neft sektorunun sənaye sektorundakı payı 15% -dən 25% -ə qədər artıb.  Təkcə keçən il  qeyri neft-qaz  sektoru 12,5 %  qalxıb. Mədən, enerji, kənd təsərrüfatı və sənayenin digər sahələrinə aid onlarla layihə işğaldan azad edilmiş torpaqların bərpası planlarına daxil edilib.

Bu ilə  gəldikdə, 2021-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollardan  (2020-ci il üçün - 35 dollar) hesablanıb.  Büdcə gəlirlərinin  13 milyard 776 milyon manat və ya 54,2 % - i neft sektorunun,   11 milyard 651 milyon manat  və ya 45,8 %-i qeyri-neft sektorunun payına düşür. 2020-ci ilə nisbətən bu il qeyri-neft sektorunda büdcə gəlirlərinin artımı 15% təşkil edəcək.

Sadalanan məlumat və rəqəmlər əsasında belə nəticəyə gəlirik ki,  2040-cı ilədək neft qiymətləri kəskin şəkildə düşsə belə, Carbon Tracker Mərkəzinin  proqnozundan fərqli olaraq Azərbaycan bütün göstəricilərə görə iqtisadiyyatın neft və qazdan asılılığını azaltmaq imkanına malikdir.

Bu mənada Saxta.info İngiltərənin Carbon Tracker Analitik  Mərkəzinin   Azərbaycanla bağlı proqnozunun əsassız olduğu qənaətinə gəlib.