“Mardakert – Vardenis (Ağdərə- Basarkeçər) yolunun bir hissəsindən 15-20 gündür azərbaycanlılar da  istifadə edir.  Azərbaycanlılar  bu  yolla Madagiz (Suqovuşan) kəndindən Karvaçara (Kəlbəcər) gedirlər. Onları Rusiya sülhməramlıları müşayiət edir”. Bu barədə  Mardakert rayon (Ağdərə) “administrasiyası başçısının müavini” Qari Vanyan  Ermənistanın Tert.am saytına müsahibəsində deyib.  O bildirib ki, əgər azərbaycanlılar Kəlbəcərə getmək üçün ermənilər yaşayan icmalardan keçib gedə bilirlərsə, ermənilər də bu yolla Ermənistana gedə bilərlər. Vanyan deyib ki,  Mardakertin Getavan kəndindən (Qozlukörpü) Ermənistanın Vardenis rayonuna qədər  olan məsafə 60 km-dir. Lakin kənd sakinləri Vardenisə getmək  üçün 400-500 km qət etməli olurlar.

Saxta.info özünü admnistrasiya başçısının müavini kimi təqdim edən Vanyanın bu iddiasının nə dərəcədə əsaslı olub-olmadığını dəqiqləşdirib.

Öncə qeyd edək ki, söhbət Ağdərə-Vardenis yolundan gedir. Ermənistan tərəfi  bu yolu  Dağlıq Qarabağla əlaqəni qısaltmaq  üçün  təmir edib. Bu məqsədlə 2013-cü ildə  ABŞ-da telemarafon təşkil  olunub. “Hayastan” ümumerməni fondu ABŞ-ın qərb regionunda kampaniyaya start verərək pul yığmağa başlayıb. Nəhayət, 2015-ci ildə inşaat işlərinə başlanıb, 35 milyon dollara başa gələn 116 kilometrlik yol  2017-ci ilin sentyabr ayında açılıb.  Laçın dəhlizinə alternativ olan yol  Ermənistanın  işğal etdiyi Azərbaycan torpaqları  ilə  əlaqəsini  daha da qısaldıb.

Məhz bundan sonra Ermənistanın Dağlıq Qarabağa və işğlda olan digər ərazilərə hərbi yük  daşıması prosesi asanlaşıb,  ermənilərin Kəlbəcərdə qeyri-qanuni məskunlaşması üçün şərait daha əlverişli olub.

İkinci Qarabağ Müharibəsinin ilk günündə, sentyabr ayının 27-də Azərbaycan ordusu  Murov zirvəsini işğaldan azad edərək Ağdərə-Vardenis yolunu nəzarətə götürüb və həmin vaxtdan da Ermənistanın Dağlıq Qarabağla bu yol vasitəsilə qurduğu  əlaqəsi  kəsilib.

Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ Müharibəsinin nəticəsi olaraq Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci ildə imzalanan razılaşmaya əsasən  Ermənistan tərəfi noybarın 15-dək Kəlbəcər rayonunu qaytarmaq öhdəliyi götürüb. Daha sonra Ermənistan tərəfi  burada məskunlaşan ermənilərin və hərbçilərin çıxarılması üçün 10 gün əlavə vaxt istəyib. Azərbaycan tərəfi  humanistlik göstərərək rəsmi İrəvanın Rusiyadan etdiyi xahişi nəzərə  alıb və müddəti  noybarın  25-dək uzadıb.  Və həmin müddətdə Kəlbəcərdə məskunlaşan ermənilərə, həmçinin Ermənistan silahlı qüvvələrinə  Ağdərə-Vardenis yolu ilə hərəkət etməyə icazə verilib.  Müddət bitəndən sonra yol yenidən  bağlanıb və  Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin şəhər, qəsəbə və  kəndlərində yaşayan ermənilərə Ermənistanla yalnız Laçın dəhlizi ilə əlaqə saxlamaq imkanı yaradılıb.

Bu, 10 noyabr 2020-ci ildə imzalanan razılaşmada da öz əksini tapıb.  Belə ki,  sözügedən razılaşmaya əsasən  Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalıb. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.  Azərbaycan Respublikası isə Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verib.

Göründüyü kimi, razılaşmada ermənilərin yalnız Laçın dəhlizindən istifadəsi nəzərdə tutulub, onlara Ermənistanla əlaqə üçün alternativ yoldan istifadə icazəsi verilməyib.  Yəni 10 noyabr razılaşmasında Ağdərə-Vardenis  yolu və bu yoldan istifadə  məsələsi  ümumiyyətlə  əksini tapmayıb.

Nəzərə alsaq ki, İkinci Qarabağ Müharibəsindən sonra reallaşıdırılan proseslərin əsasında məhz bu sənəd dayanır, deməli ermənilərin  Ağdərə-Vardenis   yolundan istifadə istəyi də real deyil.

Ağdərə rayonu ərazisində məskunlaşan ermənilərin  “azərbaycanlılar bu yoldan istifadə edirsə, biz də bu yolla Ermənistana gedə bilərik” şərtli  açıqlamasına gəlincə,  reallıq bunun mümkün olmadığını diqtə edir.  Belə  ki,  İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan  öz ərazi bütövlüyünü bərpa edib.  Ermənistan   bütün silahlı qüvvələrini ərazidən çıxarmaqla bağlı öhdəçilik götürüb.

Azərbaycanın ərazi bütövlüyü isə SSRİ dağıldıqdan sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla tanınıb. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, SSRİ-nin dağılmasından sonra  uti possidetis juris beynəlxalq hüquq doktrinası yeni müstəqil dövlətlərin sərhədlərinin milli, regional və beynəlxalq legitimliyinin əsasını təşkil edir. Sözügedən doktrinaya əsasən, Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra DQMV-nin də daxil olduğu keçmiş Azərbaycan SSR-in inzibati sərhədləri beynəlxalq sərhədlər olaraq tanınıb və beynəlxalq hüququn mühafizəsi altına alınıb. Bu anlayış Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf ərazilərindəki münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853874 və 884  nömrəli qətnamələrində də öz əksini tapıb.

Bu mənada Azərbaycan tərəfinin sözügedən yoldan istifadəsi digər heç bir sənəd və razılaşmada da  məhdudlaşdırılamyıb. Sadəcə olaraq 10 noyabr razılaşmasına əsasən  Rusiya sülhməramlı kontingenti  Dağlıq Qarabağda bəzi ərazilər, o cümlədən Laçın dəhlizinə nəzarəti həyata keçirir. Müəyyən proseslər, o cümlədən Tərtər rayonunun Suqovuşan kəndindən Kəlbəcərə gedən avtomobillərin hərəkəti də  sülhməramalı missiyanın mahiyyətinə uyğun olaraq onların iştirakı ilə  reallaşdırılır.  

Ona görə də qeyd etdiyimiz kimi,  ermənilərin “azərbaycanlılar bizim kəndlərdən keçərək Kəlbəcərə gedirsə  biz  də  bu yolla Ermənistana gedə bilərik” iddiasının heç bir əsası yoxdur. Digər tərəfdən, onu da qeyd edək ki, ermənilərin barəsində söhbət açdığı ərazi, konkret olaraq Getavan kəndi  Kəlbəcərin inzibati ərazi vahidinə daxildir.

Belə ki,  1992-ci ilə qədər Mardakert adalandırılan Ağdərə rayonu həmin ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin qərarı ilə  ləğv olunub. Rayonun bir hissəsi Ağdam, bir hissəsi Tərtər, digər hissəsi isə Kəlbəcər rayonuna verilib. Sözügedən Getavan kəndi (indiki Qozlukörpü kəndi) də qeyd etdiyimiz  kimi  Kəlbəcər rayonuna  daxil  edilib.  Bir sözlə ermənilərin “Mardakert administrasiyası” adlandırdığı bölgənin  heç bir  hüquqi  statusu   yoxdu.   

Saxta.info sadalananlara əsaslanaraq bu qənaətə gəlib ki, ermənilərin  Ağdərə-Vardenis yolundan istəfadə edərək Ermənistana getmək istəklərinin heç bir əsası yoxdur və reallığı əks etdirmir.