Son günlər bir sıra informasiya resurslarında Azərbaycanın 2020-ci ildə internetin bağlanması səbəbilə milyonlarla dollar itirdiyinə dair xəbərlər yayılıb. Saytlar bununla bağlı iqtisadçı Qubad İbadoğlunun  feysbuk statusuna istinad ediblər.  Qeyd edək ki, iqtisadçı özü “İnternetin kəsilməsinin qlobal dəyəri” adlı hesabata əsaslanaraq belə bir paylaşım edib.  Qeyd edib ki, internetin bağlanmasından ən çox xərcə düşən ölkələr arasında Azərbaycan dünya üzrə 5-ci olub və bu səbəbdən ölkəmiz 123 milyon dollar itirib.

Saxta.info bu məlumatın əsaslı olub-olmadığını dəqiqləşdirib.

Öncə qeyd edək ki, iqtisadçı Qubad İbadoğlu öz statusunda əvvəlcə BMT-nin  Ticarət və İnkişaf üzrə Konfransının  (UNCTAD) son hesabatını təqdim edib. Həmin hesabata görə, Azərbaycan elektron ticarət üzrə 152 ölkə arasında 65-ci olub və bu göstərici üzrə əvvəlki illə müqayisədə 2 pillə geriləyib.  İqtisadçı daha sonra   “İnternetin kəsilməsinin qlobal dəyəri” adlı hesabatı  təqdim edib.  Bir sıra informasiya resursları isə bu məlumatı bir-birindən ayırd etmədən yayıb. 

BMT-nin “Business-to-Consumer (B2C) E-Commerce Index 2020”  hesabatı hazırlanarkən  internetdən istifadə vəziyyəti, bank xidmətlərinə əlçatanlıq, mobiil ödəniş sistemləri, təhlükəsiz serverlər, internet mağazaların sayı, poçtun, çatdırılma xidmətinin vəziyyəti, bağlamaların çatdırılma vaxtı kimi əhatəli göstəricilər üzrə qiymətləndirmələr aparılıb.  

Top 10 VPN-in  hazırladığı  “İnternetin kəsilməsinin qlobal dəyəri” adlı hesabatın hazırlanmasında  məhdudiyyət konkret olaraq feysbuk, votsap, yutub, instaqram və tvitter  üzrə  qiymətləndirilib.

Öncə qeyd etmək lazımdır ki,  Top 10 VPN ticari təşkilatdır. İnternetin kəsilməsi onun xidmətlərinin satış və gəlirlərinə birbaşa təsiri var.  Bu səbəbdən şirkət internet kəsilməsi zamanı ölkələrə dəyən zərərin yüksək göstərilməsində həm maraqlıdır, həm də belə “sensasion” hesabatlar hazırlamaqla özünü reklam edir.

İkincisi,  yuxarıda qeyd etdiyimiz kimi,  hesabat müəllifləri Azərbycanda feysbuk,  votsap, yutub, instaqram və tvitter üzrə hesablama aparıblar.  Təbii ki, 44 gün davam edən  İkinci Qarabağ Müharibəsində internetə qoyulan məhdudiyyət fonunda gəlirin  azalması  realdır. Amma  hesabat müəlliflərinin qiymətləndirmə zamanı istifadə etdikləri, başqa tədqiqatçılara məxsus hesablama metodu, daha dəqiq desək netblock  kalkulyatoru-nun nəticələri şübhələrə əsas verir.

 

Belə ki,  kalkulyator  internetə tətbiq edilən  1 günlük məhdudiyyət ərzində  feysbuk,  votsap, yutub, instaqram və tvitter üçün eyni məbləğ çıxarır.  Məsələn,  feysbuk,  votsap, yutub, instaqram, həm də tvitterin hər  biri üzrə  1 günlük məhduqiyyət zamanı dəyən ziyan 652 min 188 dollar  ( 1 milyon 110 min 350 manat) olur.

Əslində rəqəmlər fərqli olmalı idi.  Ən azı ona görə ki, sadalanan sosial şəbəkə  vasitələrinin Azərbaycandakı istifqadəçilərinin sayı fərqlidir. Məsələn, son məlumatlara görə, Azərbaycanda aylıq aktiv fesybuk istifadəçisinin sayı 1,8 milyon,  instaqram istifadəçisinin sayı isə  təxminən 3 milyondur.

Başqa bir misal. Məlumdur ki, Azərbaycanda  Tvitter istifadəçilərinin sayı digər sosial şəbəkə vasitələrinin istifadçələrindən azdır. Məsələn,  2020-ci ilin dekabr ayına olan məlumata görə,  Azərbaycanın sosial şəbəkə bazarında  Tvitterin payı 5,58 %  təşkil edib.  Feysbuk üzrə bu göstərici 20,5 %,  “Instaqram” üzrə 24,69 %,  "Yutub" üzrə 24,85 %-ə  bərabər olub.  Bu mənada ”Tvitter”ə qoyulan məhdudiyyətin  e-ticaret  dövriyyəsinə  təsiri  qeyri-ciddi arqumentdir.  

Sadalanan faktorlar göstərir ki, “İnternetin kəsilməsinin qlobal dəyəri”  adlı hesabat həm istinadlar, həm də hesablama metodu baxımından etibarlı deyil.  Kalkulyatorun bütün applikasiyalar üzrə eyni nəticəni çıxarması absurddur və rəqəmlərin şişirdildiyni deməyə əsas verir.

Saxta.info yuxarıda qeyd edilənlərə əsaslanaraq bu qənaətə gəlib ki,  Azərbaycanın   internetin  bağlanmasından  çəkdiyi  zərərə  dair   hesabatın bu şəkildə təqdimatı faktlarla manipulyasiya cəhdidir, həmçinin  nəticələr  həqiqəti  əks  etdirmir.