2021-ci ildə Ermənistana gələn turistlərin sayının bir milyonu keçəcəyi ehtimal olunur. Bu iddia ilə Ermənistan Turizm Federasiyasının rəhbəri  Mexak Apresyan Sputnik Ermənistan-a müsahibəsində çıxış edib.

Mexak Apresyan 

Saxta.info bu iddianın  nə dərəcədə etibarlı olduğunu yoxlayıb.

Əslində Mexak Apresyanın açıqlaması mahiyyət etibarilə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanın  turizm axınının 320% artacağına dair iddiasının təkrarıdır.

Vaan Kerobyan

Kerobyan mart ayının 27-də jurnalistlərə verdiyi açıqlamasında belə bi iddia irəli sürüb. Ötən il Ermənistanda turizm sektorunda kəskin azalma olduğunu deyən Kerobyan  2021-ci ildə vəziyyətin dəyişdiyini, artıq küçələrdə tez-tez İrandan gələn turistlərin  olmasına diqqət çəkib.

Yeri gəlmişkən, Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə ölkəyə 1.894.377 turist gəlib. 2020-ci ildə isə bu rəqəm  375.216 nəfər  olub.

Erməni mənbələri  ölkəyə gələn turist sayı ilə bağlı rəqəmin daha aşağı olduğunu  bildirirlər. Qeyd olunur ki, əslində turist kimi təqdim olunanların bir hissəsini Rusiyadan mövsümü işlərdən qayıdan Ermənistan vətəndaşları təşkil edib.

Bu arada Ermənistan Otellər Birliyindən  Kerobyanın proqnozuna dərhal reaksiya verilməsi diqqət çəkir.

Bilriyin açıqlamasında qeyd edilib ki, nazirin irəli sürdüyü proqnozun reallaşması indiki halda mümkün deyil.  Mütəxəssislər əlavə ediblər ki, bu tipli proqnoz həm hökumətdə, həm də turizm sektorunda yalançı gözləntilər yarada bilər və nəticədə turizim sektoru dövlət dəstəyindən məhrum olar.

Otel biznesinin nümayəndələri  hesab edirlər ki,   Ermənistanın dünyanın bir çox ölkəsinin, o cümlədən Şengen zonasının "qırmızı" siyahısında  saxlanılması, həmçinin Ermənistanda turistləri qorxuda biləcək gərgin siyasi vəziyyət, Rusiyanın yanaşmasındakı qeyri-müəyyənlik,  Gürcüstan ərazisindən keçən quru əlaqələrin qapalı olması turist axını ilə bağlı proqnozların reallıqdan uzaq olduğunu göstərir.

Mütəxəssislər bildirirlər ki, turizm sektorunun həqiqətən bərpa olunmasını istəyirlərsə hakimiyyət bir sıra tədbirlər həyata keçirməlidir:

  • böhran bitənə qədər otellər bütün vergi öhdəliklərindən və məcburi ödənişlərdən azad edilməli;
  • yüksək vergi yükünün azaldılması, üstəlik bu sektorda böhrandan sonrakı vergi sisteminin tətbiqi;
  • turizm şirkətlərinin borc öhdəlikləri üzrə aylıq faizlərinin ən azı 50% -nin və vəziyyət sabitləşənə qədər işçilərin əmək haqqının ən azı 50% -nin ödənilməsi

Ermənistan Turizm Federasiyasının prezidenti Mexak Apresyan açıqlamasında ölkəsinin turizm üçün əlverişsiz ölkələr siyahısında olmasını etiraf etsə də, bunu  koronavirus pandemiyası ilə əlaqələndirib. Bununla yanaşı o deyib ki, bir çox ölkələrlə müqayisədə, Ermənistanda əksinə  vəziyyət daha əlverişlidir.

Turizm sahəsində ixtisaslaşmış beynəlxalq internet platformalarında isə fərqli fikirlər yer alıb. Qeyd edilib ki, Ermənistana turist səfərlərinə əngəl təkcə koronavirus təhlükəsi ilə məhdudlaşmır.

Məsələn, World Nomads saytında yerləşdirilən təlimatda Ermənistana səfər etmək istəyən turstlərə oğurluq, saxtakarlıq, yol infrastrukturunun və ictimai nəqliyyat sistemindəki problemlər, kütləvi etiraz aksiyaları barədə xəbərdalıq edilir. Həmçinin onlara tetanus, difteriya, hepatit A və B daxil olmaqla yoluxucu xəstəliklərə qarşı peyvənd olunmaları tövsiyə edilir.

Hətta erməni turoperatorları özləri də  xaricilərə şəxsi təhlükəsizlik tədbirlərinə riayət etməyi, cibgirlərdən və soyğunçulardan qorunmağı,  habelə  əcnəbilərdən daha çox pul tələb edən  taksi sürücülərindən çəkinməyi tövsiyə edirlər.

Hətta  "ənənəvi" rusiyalı turist də Ermənistanda istirahətdən məmnun qalmır. Rusiyalı turstlərin turizm saytlarında yazdığı rəylər  bunu sübut edir. Bundan başqa təhsil sistemində rus dilini ləğv edən Ermənistan  artıq  Rusiyalı turistlər üçün "rus dilində danışan" bir ölkə kimi əvvəlki cəlbediciliyini itirib.

Rusiyalı turistlər yeməklərin dadsız olmasından,  xidmət heyətinin,  otel və qonaq evləri sahiblərinin  insafsızlığıdan,  xərcin çoxluğundan, yersiz polis cərimələrindən və ən əsası  ruslara qarşı laqeyd və düşmən  münasibətdən şikayətlənirlər.  Üstəlik, koronavirus pandemiyası və rublun enməsi nəticəsində Rusiyalı turistlər xaricə deyil, daha çox  daxili  turizm məkanlarına üz tuturlar.

Ermənistan üçün ikinci ən böyük turizm bazarı olan İran da xeyli müddətdir bu ölkəni məyus edir.  BƏƏ, Türkiyə və Azərbaycandan sonra iranlı turistlər də Gürcüstana üstünlük verir.

Ermənistandakı turoperatorlar bunu otellərdəki yüksək qiymətlə, ucuz mənzil çatışmazlığı, iranlıların Ermənistanda qaldıqları müddətdə mənzil qiymətlərinin əsassız artması, həmçinin Gürcüstanın rəqabəti ilə əlaqələndirirlər.

Vardan Aramyan: Mövcud idarəetmə şəraitində 3.2 % iqtisadi artım  əlçatmazdır

Bununla yanaşı potensial turistlər siyasi cəhətdən sabit olan ölkələrə üstünlük verir.  Təsadüfi deyil ki,  Fitch beynəlxalq reytinq agentliyi Ermənistanın kifayət qədər yüksək xarici borc səviyyəsini, nisbətən zəif xarici maliyyələşməni və hər an hərbi qarşıdurmaya çevrilə biləcək geosiyasi gərginliyi qeyd edir.

Agentlik həmçinin Dağlıq Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanın on minlərlə qaçqın axını ilə üz-üzə qalmasını qeyd edir, diplomatik səylərin bərpasına ehtiyac olduğunu vurğulayır.  Həmçinin qeyd edir ki, müharibə Ermənistanın təhlükəsizlik və iqtisadi münasibətlərdə Rusiyadan asılılığını gücləndirib.

Agentliyin hesabatında  o da qeyd edilir ki,  2020-ci ildə Ermənistanda baş verən şokların iqtisadi izləri və iqtisadiyyatı gücləndirmək üçün xərcləmə təzyiqləri səbəbindən zəif artım dövlət borcunun daha sürətli azalması potensialını məhdudlaşdırıb.  Hazırda Ermənistanın xarici valyutada ifadə olunan borcu dövlət borcunun 77 %-ni təşkil edir.

Ermənistanda turizmin inkişafına mane olan digər amilin ölkədəki ərzaq təhlükəsizliyinin acınacaqlı vəziyyəti göstərilir.  Ermənistanın qida idxalından asılılığının təhlükəli həddə olması  BMT-nin 2019-2024-cü illərdə Ermənistanda Qida Təhlükəsizliyi üzrə Strateji Planında da əksini tapıb.  Məsələ burasındadır ki,  Ermənistan hələ də ərzaq məhsullarının, xüsusən də dənli bitkilərin, ət və ət məhsularının idxalından asılıdır: buğda tələbatının 50,5,   paxlalı bitkilərin  42,  quş ətinin  78, donuz ətinin 42 % -i, həmçinin bitki yağı ölkəyə idxal olunur.

Ermənistanın dənizə çıxışının olmamasını, ölkəni  dörd sərhədindən yalnız ikisinin  ticarət və tranzit üçün açıq olduğuna diqqət çəkən BMT  mütəxəssisləri zəruri malların idxalının problem olaraq qaldığını, xüsusilə də fövqəladə  vəziyyətdə qida çatışmazlığı ehtimalının arta biləcəyini deyirlər.

Yeri gəlmişkən,  ümumiyyətlə  dünyada turizm pandemiyadan  ən çox təsirlənən iqtisadiyyat sahələrindən biridir. BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) məlumatına görə, 2020-ci ilin ilk 10 ayında beynəlxalq turizm  təqribən  70 %   azalaraq 1990-cı ildəki  səviyyəyə düşüb. 

UNWTO-nun proqnozlarına görə, dünya miqyasında turizm 2021-ci ilin ikinci yarısında qismən bərpa ola bilər. Ancaq 2019-cu ildəki səviyyəyə çatmaq üçün 2,5-4 il lazım olacaq.

Saxta.info sadalanan fakt və rəyləri, proqnozları nəzərə alaraq bu qənaətə gəlib ki,  2021-ci ildə Ermənistana bir milyondan çox turistin gələcəyinə dair Ermənistan Turizm Federasiyası rəhbərinin   gözləntisi  gerçəklikdən uzaqdır.