2020-ci ildə Qarabağda hərbi əməliyyatlar başlamazadan əvvəl  hərbi xidmətdən yayınanların amnistiyası ilə bağlı nəzərdə tutulan qanun layihəsi döyüş meydanında həlak olanlara qarşı ədalətsizlikdir. Bunu qanun layihəsini şərh edən Ermənistanın ədliyyə nazirinin keçmiş müavini, vəkil  Artur Ovannisyan Sputnik Ermənistan-a açıqlamasında deyib. Onun fikirincə bu, Ermənistanda gözlənilən seçki kampaniyasının məntiqinə uyğun gələn, amma dövlətə heç bir fayda gətirməyəcək siyasi addımdır.

Saxta.info keçmiş nazir müavininin bu iddiasının əsaslı olub-olmadığını araşdırıb.

Qeyd edək ki,  Ermənistan hökuməti 2020-ci ilin payızında Dağlıq Qarabağda müharibə başlamazdan əvvəl məcburi hərbi xidmətdən yayınma ittihamı ilə mühakimə olunan və ya axtarılan şəxslərin əfvini nəzrədə tutan qanun layihəsini təsdiq edib.

Ermənistan ədliyyə naziri Rüstəm Badasyan qanun layihəsinin 26 sentyabr 2020-ci ilədək, yəni İkinci Qarabağ müharibəsi başlamazdan əvvəl hərbi xidmətdən, səfərbərlik çağırışından və təlim düşərgələrindən yayınan şəxslərə şamil olunacağını  qeyd edib.

Amnistiya hərbi xidmətdən, təlim düşərgələrindən və ya səfərbərlikdən yayınmaqda şübhəli bilinən, ittiham olunan   27 yaşına çatan sıravilərə,  həmçinin 35 yaşına çatan və ehtiyatda olan zabitlərə  aiddir. Ermənistan Cinayət Məcəlləsinin 327-ci maddəsinin 1-ci hissəsinə görə, hərbi çağırışdan, səfərbərlikdən yayınanlar   minimum əmək haqqının 300-500 mislində cərimələnir və  ya 2 aydan 2 ilədək həbs cəzasına məhkum edilir.

Xatırladaq ki,  2019-cu ilin mart ayında Ermənistanda hərbi xidmətini çəkməmiş vətəndaşların cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı qanuna dəyişikliklər qəbul olunub. Dəyişikliklərə görə  hərbi xidmətdən boyun qaçıranlar  ordudan yayınmağın hər ili üçün 200 min dram (təxminən 410 dollar) ödəməklə cinayət məsuliyyətindən yaxa qurtara bilərlər.

Qanunun tətbiqi ilə əlaqədar Ermənistan Müdafiə Nazirliyinin hesabına 11,8 milyard dram (24,5 milyon dollar) köçürülüb. "Armenpress" nəşrinin məlumatına görə, 2003-cü ildən bəri ümumilikdə 9.985 vətəndaş qanunla müəyyən edilmiş qaydada ödəmə edərək cinayət məsuliyyətindən azad olublar.

Ədliyyə naziri Badasyanın sözlərinə görə, hazırda  26 sentyabr 2020-ci il tarixinə qədər 27 yaşına çatan  maksimum 5131 vətəndaş və 124 məhkum əfvdən faydalana bilər.  Baxılma mərhələsində olan 261 cinayət işi var, daha 18 cinayət işinə məhkəmələrdə baxılır. 327-ci maddənin 1-ci hissəsi əsasında bir nəfər cəza çəkir. Sınaq müddətində olan 19 vətəndaşa qarşı cinayət təqibinə xitam verilə bilər.  Yeri gəlmişkən, amnistiya hərbi xidmətə çağırılanların “girov pulu”nun ləğvini də nəzərdə tutur ki, bu da dövlət büdcəsi üçün xeyli xərc deməkdir. Badasyanın açıqlamasından belə aydın olur ki,  amnistiya siyahısına 5 535 nəfər düşəcək.   

Beləliklə, hərbi xidmətdən yayınma amnistiyası Ermənistan büdcəsinə 13,5 milyon dollardan çox ziyan vuracaq. Bu, hərbi xərci 440 milyon dollardan da az olan Ermənistan üçün ciddi itkidir.

Ermənistanın Razm.info hərbi portalının koordinatoru Karen Vrtanesyan hesab edir ki, bu qərar ordu qururculuğuna və ehtiyat qüvvənin formalaşmasına da  problemlər yaradacaq. Onun sözlərinə görə, hərbi xidmətə çağırışın funksiyası təkcə ordunun şəxsi heyətinin sayının artırılması deyil,  həm də səfərbərlik ehtiyatının formalaşdırılmasıdır.

Sabiq nazir müavini, vəkil Artur Ovannisyanın yeni qanunun ədalətsizliyinə dair açıqlamasına gəlincə, bu amil, Qarabağda ölən, Azərbaycanda terror fəaliyyətinə görə tutulan və ya itkin düşmüş erməni hərbi çağırışçıların valideynlərinin kütləvi etirazları fonunda son dərəcə qabarıq görünür. Müxtəlif hesablamalara görə, İkinci Qarabağ müharibəsi zamanı erməni tərəfdən ölənlərin sayı 5 min nəfərə, əsir və itkin düşənlərin sayı isə 300 nəfərə çatıb.

Bir məqama da diqqət çəkək. Məsələ burasındadır ki, Ermənistanda start verilən qeyri-rəsmi seçkiqabağı kampaniyada  hərbi məğlubiyyətdə günahlandırmasına və  sərt tənqid olunmasına baxmayaraq Nikol Paşinyan seçicilər arasında populyardır. O xalqa çox şey vəd edir, xüsusilə müəllimlərin maaşlarında  30-50 % artım olacağı bildirilir.  Bundan əvvəl  polisin  maaşı 100 % artırılıb.  

Beləliklə, sadalananlar göstərir ki,  hökumətin təsdiqlədiyi qanun həm iqtisadi, həm də cəmiyyətin mənəvi durumu  baxımından Ermənistan üçün əlverişsiz olsa da hakimiyyətin seçkiqabağı məntiqinə  uyğundur.

Bu da öz növbəsində ədliyyə nazirinin keçmiş müavini, vəkil Artur Ovannisyanın açıqlamasının doğru olduğuna dəlalət edir.