ABŞ-la Türkiyə arasında ticarət dövriyyəsinin və qarşılıqlı sərmayə qoyluşlarının azalacağı gözlənilir. Bu açıqlama ilə iqtisadçı-millət vəkili Vüqar Bayramov feysbuk səhifəsində çıxış edib. ABŞ Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatı şərh edən iqtisadçı bildirib ki,  Türkiyə və Azərbaycandan fərqli olaraq Ermənistan   regionda ABŞ üçün ciddi iqtisadi və ticari tərəfdaş hesab olunmur. 

Saxta.info millət vəkilinin bu müqayisəsinin  doğru olub-olmadığını yoxlayıb.

Ermənistan mediasının  bu ölkənin Statistika Komitəsinə istinadən yaydığı məlumata görə,  2020-ci ildə ABŞ-la Ermənistan arasında ticarət dövriyyəsi 152 milyon 062,1 min dollar olub.  İdxal-ixrac müqayisəsinə gəlincə, 2020-ci ildə Ermənistandan ABŞ-a 67 milyon dollarlıq mal-məhsul göndərilib. Ermənistandan ABŞ-a ixrac olunan məhsullar  bunlardır:  alüminium folqa, almaz, mis tullantıları, alkoqollu içkilər, zərgərlik məhsulları, konservləşdirilmiş meyvələr, qoz-fındıq, giləmeyvə. ABŞ-dan Ermənistana isə əsasən avtomobil, tibbi avadanlıqlar, quş əti və ət məhsulları, dərmanlar gətirilib.

ABŞ-la Ermənistan arasında ticarət dövriyyəsinin həcmi kiçik olmaqla bərabər  həm də kəskin şəkildə azalıb. Belə ki,  2020-ci ildə iki ölkə arasında ticarətin həcmi  2019-cu illə müqayisədə 54,5 % az olub. Ermənistan Statistika Koməitəsinin məlumatına görə,  iki ölkə arasında ticarət dövriyyəsi  2019-cu ildə 334,23 milyon dollar, 2018 ildə isə 226 milyon dollar təşkil edib.  

Türkiyə ilə ABŞ arasında ticarət dövriyyəsinin həcminə gəlincə,  2020-ci ildə  iki ölkə arasında  ticarət dövriyyəsinin həcmi  21 milyard dollardan çox olub.  Bu məbləğin  10 milyard 184 milyon dolları  ixracın (Türkiyədən ABŞ-a – red),  11 milyard  518 milyon dollar isə idxalın (ABŞ-dan Türkiyəyə - red)  payına düşüb.   Mərkəzi ofisi ABŞ-da yerləşən Türk-Amerika Ticarət və Sənaye odasından bildirirlər ki,  koronavirus pandemiyasına rəğmən  iki ölkə arasında ticarət dövriyyəsi yüksək səviyyədə olub. Yeri gəlmişkən, hazırda Türkiyədə 1.874 ədəd ABŞ kapitallı şirkət fəaliyyət göstərir.

Türk Hava Yollarının ABŞ-ın Nyu-York, Vaşinqton, Boston, Çikaqo, Los Anceles, Huyston, San Fransisko, Mayami və Atlanta şəhərlərinə birbaşa aviareysləri mövcuddur.  2019-cu ildə ABŞ-dan Türkiyəyə  585 min 303, 2020-ci ildə isə  139 min  566   turist  (azalma  pandemiya səbəbindən qarşılıqlı səfərlərə qoyulan qadağa ilə bağlı olub  - red )  gəlib. 

2019-cu ildə isə  iki ölkə arasında ticarət dövriyyəsi  20,8 milyard dollar olub.  Həmin il Türkiyədən ABŞ-a 8,9 milyard dollar,  ABŞ-dan Türkiyəyə isə 11,9 milyard dollarlıq mal-məhsul ixrac edilib.   İki ölkə arasında ticarət dövriyyəsi 2018-ci ildə 20,7 milyard dollara yaxın olub.

Yeri gəlmişkən, Türkiyə  ABŞ-ın ən çox məhsul ixrac etdiyi ölkələr arasında 28, ən çox məhsul idxal etdiyi ölkələr sırasında isə 29-cu sıradadır.  Bundan başqa ABŞ-ın ən çox tekstil və xammal ixrac etdiyi ölkələr sırasında Türkiyə 7-ci sırada, ən çox tekstil və xammal  idxal etdiyi ölkələr sırasında isə  10-cu yerdədir.  

ABŞ-la Azərbaycan arasında da ticarət əməliyyatları Ermənistanla müqayisədə qat-qat yüksəkdir. Belə ki, Azərbaycan İqtisadiyyat Nazirliyndən verilən məlumata görə,  2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 538 milyon 152 min manat,  2019-cu  ildə  791 milyon 884 min manat,  2018-ci ildə isə 858 milyon 627 min manat olub.  İki ölkə arasında ticarət dövriyyəsinin 2018 və 2019-cu ilə nisbətən 2020-ci ildə azalması koronavirus pandemiyasının iqtisadiyyata təsirləri ilə əlaqələndirilir.

Ermənistanın ABŞ-la ticarət dövriyyəsinin həcmi Türkiyə ilə müqayisədə  138 dəfə, Azərbaycanla müqayisədə təqribən 4 dəfə  azdır.  Bundan başqa  Türkiyənin ABŞ-la ticarət dövriyyəsinin həcmi Ermənistanın dövlət büdcəsindən 7 dəfə çoxdur.

Saxta.info sadalanan faktlara, statistik məlumatlara əsasən bu qənaətə gəlib ki,  Ermənistanın regionda ABŞ üçün ciddi iqtisadi və ticari tərəfdaş hesab olunmamasına dair  millət vəkili Vüqar Bayramovun açıqlaması reallığı əks etdirir.