Koronavirusun  bu dalğası tezliklə səngiyəcək. Fikrimcə, biz bunu uzağı iki həftə ərzində görəcəyik. Bu fikri bizimyol.info-ya müsahibəsində tanınmış cərrah, millət vəkili Rəşad Mahmudov deyib.  Mahmudov bununla yanaşı əhalinin vaksinasiyada fəal iştirak etməsinin vacib olduğunu da vurğulayıb.

Saxta.info millət vəkilinin  bu açıqlamasının əsaslı olub-olmadığını araşdırıb.

Koronavirusun Azərbaycanda 3-cü dalğasının başlayacağına dair hələ fevralın ortalarında xəbərdarlıq edilmişdi. Belə ki, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev bu barədə  Report-a açıqlama verib.   

15.02.2021. Azərbaycanda  yoluxma statsitikası. Mənbə: koronavirusinfo.az 

Mütəxəssis  bildirib ki,  son  günlər baş verənlərə diqqət yetirsək açıq şəkildə görə bilərik ki, hələ virusun yeni mutasiyasını nəzərə almasaq belə virusun yenidən insanlar arasında yayılması ehtimalı artıb.

Vaxt ötdükcə mütəxəssin proqnozunun doğruluğu təsdiqləndi. Fevralın ortalarından aprelin ortalarına qədər yeni yoluxma hallarının sayı gündə 150-170-dən 2000-dək qalxdı.

Azərbaycanda pandemiyanın üçüncü dalğasının olduğunu  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov  da deyib.  Bununla yanaşı o deyib ki,  son bir neçə gündə yoluxma sayı   2200-dən 2500-ə qədər dəyişib və sabitləşib: “Əslində epidemiyanın qanunauyğunluğu var. Yoluxma sayı əvvəlcə artım tempində davam edir və pik vəziyyətə çatır. Pik vəziyyətində müəyyən qədər qalır və sonra yoluxma sayları azalma istiqamətində gedir. Hazırda üçüncü dalğanın pik vəziyyətini yaşayırıq. Çünki yoluxma saylarında gündəlik artımlar demək olar ki, yoxdur. Sanki rəqəmlər bir qədər stabilləşib. Əgər bizim gözləntilərimiz özünü doğrultsa, bundan sonra gündəlik yoluxma sayları artmasa, bir müddətdən sonra yoluxma hallarının azalmasını da müşahidə edə bilərik”.

Doğrudan da, statistika göstərir ki, aprelin ikinci yarısında koronavirusun Azərbaycanda yayılma dinamikası tədricən  aşağı enib.

28 aprel 2021-ci il tarixinə yeni xəstələrin sayı 2075 nəfər olub. 1 456 114 nəfər peyvənd edilib, bunlardan 503 569-na peyvəndin hər iki dozası vurulub.

Beləliklə, diaqramda Azərbaycanda koronavirusun yayılma dinamikasının bu ilin yanvar-fevral aylarında artmağa başladığını,  aprelin ortalarında pik həddə çatdığını, daha sonra bir qədər sabitləşdiyini görürük. Mütəxəssislər ölkədə gedən genişmiqyaslı vaksinasiya fonunda bir müddət sonra virusun yayılma dinamikasının səngiyəcəyini və yoluxma sayının azalacağını gözləyirlər. Bununla yanaşı dünyanın əksər elm adamları ayrı-ayrı ölkələr daxilində  koronavirusla bağlı vəziyyətə dair  proqnoz verməkdən yayınırlar.  Üstəlik, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qiymətləndirmələrinə görə, dünyanın bəzi ölkələrində   pandemiya nəinki səngiyir, əksinə getdikcə sürətlənir.

Deputatın açıqlamasına yenidən diqqət etsək, deyə bilərik ki, ümumilikdə statistik məlumatlar   koronavirusla bağlı Azərbaycandakı vəziyyət barədə onun müşahidələrini təsdiq edir. Həmçinin konkret müddət (bir ya iki həftə) istisna olmaqla yoluxanların sayının  və tibb müəssisələrinə təzyiqin azalması ilə onun mümkün yumşalmalar barədə fikirləri düzdür.

Saxta.info bu qənaətə gəlib ki,  Azərbaycanlı həkim -millət vəkili R.Mahmudovun açıqlaması  əsasən doğrudur.