Bu yaxınlarda “ArmNews” telekanalı tamaşaçılarına “Ermənistanın ətrafı daralır. Türkiyə Cavaxetiyada hərbi baza inşa edəcək”  sərlövhəli   reportaj təqdim edib.  

Erməni mənbələrində əksini tapan xəbər bəribaşdan şübhəli görünürdü,  bununla belə bu iddianın əsaslı olub-olmadığını yoxlamağa çalışmışıq.  Reportaj müəlliflərinin fikirlərindən belə anlaşılır ki, Türkiyə Azərbaycanın hərbi bazalarına uçuş müddətini azaltmaq üçün Gürcüstanın adıçəkilən bölgəsində hərbi hava limanı tikmək niyyətindədir. Bu məsələ Ermənistanın H2  telekanalında da  müzakirə olunub.

Qeyd edək söhbət Gürcüstan  Samtsxe-Cavaxetiya əyalətinin Ninotsminda və Axalkalaki bələdiyyələrinə aid ərazidən gedir.  Əsasən ermənilərin  məskunlaşdırıldığı bu ərazidə erməni separatçılığı  hökm sürür.

Hazırda informasiya resurslarında Türkiyə ilə Gürcüstanın hərbi sahə də daxil olmaqla fəal şəkildə əməkdaşlıq etdiyi barədə kifayət qədər məlumat var. Amma Gürcüstan ərazisində Türkiyə  hərbi bazasının mövcudluğu və ya gələcəkdə inşasına dair  məlumata rast gəlmək mümkün deyil.

Türkiyənin xarici ölkələrdə hərbi bazaları

Şimali Kipr  - 32 000 nəfər

Qətər – 3 000 nəfər

Somali (Moqadişoda yerləşən baza)

Albaniya (Paşa-Liman)

Bundan əvvəl də zaman-zaman ermənilərə və digər mənbələrə aid informasiya resurslarında Türkiyənin Gürcüstanda yerləşən hərbi bazaları mövzusu  hallandırılıb.

Qeyd edək ki, bu ilin fevralında Ankaranın Gürcüstan Müdafiə Nazirliyinə 100 milyon lirə (17,5 milyon dollar) qrant ayırdığına dair məlumat yayılıb.  Gürcüstan ilə Türkiyə arasında hərbi texniki əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında ayrılan qrant  hərbi məhsulların və xidmətlərin alınması, habelə Marneulidəki, Gürcüstan, Azərbaycan və Ermənistanın sərhəd qovşağında yerləşən hərbi aerodromun modernləşdirilməsi üçün nəzərdə tutulub.

Sovet dövründən qalan baza Türkiyə vəsait ayırana qədər xaraba  vəziyyətdə olub.

2008-ci ilə qədər burada Gürcüstan Hərbi Hava Qüvvələrinə aid Su-25 hücum təyyarələrindən ibarət eskadrilya yerləşirdi. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı ruslar  aerodromu bombalayıb.

Qeyd edək ki,  sözügedən aerodromun modernləşdirilməsi üçün Türkiyənin vəsait ayırdığına dair məlumat Gürcüstan Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin bu il fevral ayında yayımlanan hesabatında da əksini tapıb.

Gürcüstan Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, aprel ayının əvvəlində iki ölkənin hökumətləri tərəfindən 2019-cu ildə imzalanan Hərbi Sferada Əməkdaşlıq Sazişi çərçivəsində Türkiyədən iki mikroavtobus və müxtəlif texnika alınıb.

Yeni xüsusi texnikanın təslim edimə mərasimində Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini İrakli Çiçinadze, Hərbi Hava Qüvvələrinin komandanı Serqo Ninua, habelə hərbi attaşelər iştirak ediblər.

Qeyd edək ki, hərbi əməkdaşlıq çərçivəsində 2020-ci ilin noyabr ayında Türkiyədən  Gürcüstan Silahlı qüvvələri üçün 35 avtobus, 12 zirehli maşın tədarük olunub. 2021-ci ilin əvvəllərində isə  Gürcüstana lazer məsafəölçən və mühəndis avadanlığı hədiyyə olunub.

Onu da dəqiqləşdirək ki, burada söhbət Ermənistan KİV-lərinin iddia etdiyi Samtsxe-Cavaxeti bölgəsindən getmir.  Marneuli ilə bu bölgə bir-birindən təxminən 220 kilometr məsafədə yerləşir. Yeri gəlmişkən Gürcüstan KİV-ləri  Marneulidəki bazadan Türk Hərbi Hava Qüvvələrinin istifadə edəcəyini yazmır.

Bir sözlə nə Gürcüstan, nə də beynəlxalq mənbələrdə Gürcüstanda tikilməkdə olan hərbi baza ilə bağlı heç bir  məlumat yoxdur. Mövcud məlumatlar  yalnız Türkiyə qrantları hesabına bərpa olunan Marneulidəki hərbi aerodromla  əlaqədardır. Üstəlik, bu əməkdaşlıq Türkiyə hərbiçilərinin və ya hərbi texnikanın Gürcüstan ərazisində  birbaşa mövcudluğunu əhatə etmir.

Beləliklə, “ArmNews” telekanalının Türkiyənin Gürcüstanda hərbi baza quracağına dair iddiasının yalan olduğu qənaətinə gəlirik.