“Həbs edilən icra başçılarıın sayı artır, amma o rayonların deputatları hələ də istefanı özlərinə borc bilmir”. Bu açıqlama ilə Azərbaycanda fəaliyyət göstərən REAL partiyasının sədri İlqar Məmmədov öz feysbuk səhifəsində çıxış edib. Partiya sədri qeyd edib ki, icra başçısı həbs edilən rayonları təmsil edən deputatlar könüllü istefa verməlidirlər və yenidən seçkiyə qatılmalıdırlar.

Saxta.info  bu təklifin əsaslı  olub-olmadığını  dəqiqləşdirib.

Öncə qeyd edək ki,  2019-2020 və 2021-ci illər ərzində Azərbaycanda bir sıra rayonların icra hakimiyyəti başçıları korrupsiya ittihamı ilə həbs edilib. Belə ki,  2019-cu ildə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Yevlax şəhər İcra Hakmiyyətinin başçısı Qoca Səmədov, 2020-ci ildə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Biləsuvar rayonunun İcra Hakimiyyətinin  başçısı Mahir Quliyev,   İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, 2021-ci ildə Şəmkir rayon İcra Hkimiyyətinin başçısı Alimpaşa Məmmədov korrupsiya ittihamı  ilə  həbs olunublar, hazırda onlarla bağlı araşdırmalar davam etdirilir.

İcra başçıları həbs olunan rayonlar üzrə seçki dairələrinə gəlincə, Ağstafa iki seçki dairəsinə daxildir: 108 saylı Ağstafa və 106 saylı Tovuz-Qazax-Ağstafa. Beləliklə bu rayonu Milli Məclisdə iki deputat təmsil edir.  Yevlax rayonunu da Milli Məclisdə iki deputat təmsil edir: 48 saylı Yevlax və 49 saylı Yevlax - Mingəçevir seçki dairələri üzrə.  Neftaçala rayonunu isə 61 saylı Neftçala,  60 saylı Salyan – Neftçala  seçki dairələrindən seçilən millət vəkilləri  təmsil edir.  Biləsuvar rayonunun daxil olduğu seçki dairələri isə bunlardır: 66 saylı Biləsuvar və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar.  İmişli rayonunun daxil olduğu seçki dairələri: 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan.   Şəmkir rayonu isə parlamentdə 98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd, 100 saylı Şəmkir-Daşkəsən və 102 saylı Samux-Şəmkir seçki dairələrindən seçilən deputatalarla təmsil olunur.

Beləliklə icra hakimiyyətlərinin başçıları həbs olunan rayonlar Milli Məclisdə 14 deputatla təmsil olunur.

Partiya sədrinin həmin deputatların istefası ilə bağlı səsləndirdiyi təklifə gəlincə, öncə qeyd edək ki,  Azərbaycanda icra hakimiyyəti və parlament dövlət hakimiyyətinin  ayrı-ayrı qollarını təmsil edirlər. Biri dövlətin (Milli Məclis) qanunvericilik hakimiyyəti, digəri  icra  hakimiyyəti qoluna  aiddir.

İcra hakimiyyəti başçılarının vəzifələri  Yerli İcra Hakimiyyəti haqqında əsasnamə ilə tənzimlənir.

Millət vəkilinin fəaliyəti  Azərbaycan Respublikası Milli Məclisi  deputatının statusu haqqında Qanunla tənzimlənir. Bu qanunda deputatın əsas hüquq və vəzifələri müəyyənləşdirilib.

Bu qanunla depatata Milli Məclisin və onun orqanlarının iclaslarında iştirak etmək, Milli Məclisin orqanlarına seçmək və seçilmək səlahiyyəti,  qanunvericilik təşəbbüsü,  sorğu vermək, məlumat almaq və yaymaq,  toxunulmazlıq,  şahid qismində ifadə verməkdən imtina etmək, vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək hüquqları verilib.

Bununla yanaşı qanunun 16-cı maddəsində  deputatın qarşısında vəzifəsinin icrası zamanı bir sıra məsuliyyətlər müəyyən edilib. Həmin maddədə qeyd edilib ki,  deputat öz vəzifələrini icra edərkən vətəndaşların hüquqlarını və azadlıqlarını, Azərbaycanın mənafelərini qorumalı, Azərbaycan  Konstitusiyasını və qanunlarını rəhbər tutmalı, etik davranış qaydalarına əməl etməlidir. Bundan başqa  Milli Məclisinin iclaslarında və üzvü olduğu komitə və komissiylarının iclaslarında iştirak etməlidir. Deputat Milli Məclisin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə, habelə Milli Məclisinin Daxili Nizamnaməsində nəzərdə tutulmuş digər hallarda həmin Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur.

Yeri gəlmişkən, millət vəkilinin fəaliyyətini tənzimləyən digər sənəd  Azərbaycan  Milli Məclisinin Daxili Nizamnaməsidir.   Sözügedən sənədin 45-ci maddəsində   deputatın  parlamentdaxili məsuliyyəti nəzərdə tutulub. Parlamentdaxili məsuliyyətə cəlb olunan deputata tətbiq edilən intizam tədbirləri isə bunlarıdır:

1) xəbərdarlıq;
2) söz kəsmə;
3) iclas salonundan çıxarma;
4) töhmət;
5) deputat səlahiyyətlərinin itirilməsi.

Deputat səlahiyyətinin itirilməsi ilə bağlı məqam Azərbaycan Konstitusiyasının 89-cu maddəsində təsbit edilib. Bu maddəyə görə, deputat

1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);

5) özü imtina etdikdə;

6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;

7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda  

mandatından məhrum edilir.

Həmçinin deputat  öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Burada söhbət deputatın  əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətdə tam itirməsindən gedir.  Bu da Azərbaycan Konstutusiyasının 89-cu maddəsi,  Parlamentin Daxili Nizamnaməsinin tələbləri  əsasında  həll edilir.

Deputatın mandatdan məhrum edilməsi  proseduru isə  Milli Məclisin Daxili Nizamnaməsinin 23-cü maddəsi (Milli Məclisin deputatlığından məhrumetmə ilə əlaqədar məsələyə Milli Məclisdə baxılması qaydası) əsasında icra olunur.   

Azərbaycan Milli Məclisinin təcrübəsində qanunvericilikdə nəzərdə tutulan müxtəlif səbəblərdən belə hallar yaşanıb. İki hal isə  özlərinin imtinası ilə bağlı olub. 2012-ci ildə Bakı şəhərinin Xətai rayonundan deputat seçilmiş Gülər Əhmədova, 2019-cu ildə 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputat  seçilən Rafael Cəbrayılov deputat mandatından məhrum  ediliblər.   

Beləliklə, sadalanan qanunvericlik aktları göstərir ki, deputat icra hakimiyyətinin başçısının fəaliyyəti ilə bağlı yaranmış məsuliyyətə görə cavabdehlik daşımır.  Və məhz bu səbəbdən də mandatdan imtina etmək şərti ilə üz-üzə qalması da mümkün deyil.  Göründüyü kimi, deputatın həm hüquq və vəzifələri, həm də məsuliyyəti  başqa sənədlərlə tənzimlənir.

Saxta.info bu qənaətə gəlib ki, İlqar Məmmədovun təklifi əsaslı deyil.